- 161
WhatsApp-dan cavablar üçün yeni funksiya!
WhatsApp-dan cavablar üçün yeni funksiya: Cavablar bir ekranda toplanacaq
WhatsApp yaxın zamanda mesaj cavablarını bir başlıq altında birləşdirəcək yeni funksiyanı istifadəyə verəcək. Bu yenilik xüsusilə böyük qrup söhbətlərində nizam-intizamı artıracaq.
Hazırda iOS üçün 25.19.10.80 beta versiyasında sınaqdan keçirilən bu funksiya, Android istifadəçiləri üçün də yaxın zamanda əlçatan olacaq. Yeni sistemin məqsədi, xüsusilə uzun və qarışıq söhbətlərdə cavabları daha rahat izləməkdir.
Bu funksiyanın sayəsində müəyyən bir mesaja verilmiş bütün cavablar ayrıca bir ekranda və başlıq formasında görünəcək. Beləliklə, istifadəçilər həmin mesaja neçə nəfərin cavab verdiyini və nə yazıldığını asanlıqla görə biləcək.
Əlavə olaraq, cavab sayı da rəqəmlə göstəriləcək, yəni istifadəçi əvvəlcə neçə cavab olduğunu görəcək, sonra isə istəsə, detallarla tanış ola biləcək. Üstəlik, bu funksiya həm fərdi, həm də qrup yazışmalarında işləyəcək.
Cavablar olan mesajların üzərində kiçik bir göstərici olacaq və ona kliklədikdə bütün cavablar açılan yeni ekranda göstəriləcək. İstifadəçi həmin ekrandan yenidən cavab da verə biləcək.
Qeyd edək ki, bu xüsusiyyət hələ test mərhələsindədir və tam olaraq nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Amma WhatsApp son dövrlər süni intellektlə dəstəklənən mesaj xülasəsi və yazı köməyi kimi bir çox funksiyanı da test edir.