- 171
OpenAI-dən 6.5 milyard dollarlıq sürpriz addım!
OpenAI, Jony Ive-ın süni intellekt startapını 6.5 milyard dollara alır.
OpenAI, məşhur dizayner Jony Ive-ın süni intellekt startapı “io”nu 6.5 milyard dollar dəyərində səhmlərlə əldə edir. Bu, şirkətin indiyə qədərki ən böyük alqı-satqısıdır və ChatGPT istehsalçısının hardware sahəsinə ciddi keçidini nümayiş etdirir. Müqavilənin bu yay rəsmi şəkildə tamamlanması gözlənilir, lakin bunun üçün tənzimləyici orqanların təsdiqi tələb olunur.
Jony Ive-ın "io" startapında çalışan 55 nəfərlik komanda OpenAI-ya qoşularaq yeni süni intellekt cihazları üzərində çalışacaq. İlk məhsulun 2026-cı ildə təqdim olunması gözlənilir. Qeyd edək ki, OpenAI və Ive-ın "io" startapı artıq iki ildir birlikdə əməkdaşlıq edirlər.
"io" startapı, 2019-cu ildə Ive tərəfindən yaradılan LoveFrom adlı müstəqil dizayn şirkətinə daxildir. Bu startap keçən il Jony Ive və keçmiş Apple mühəndisləri Scott Cannon, Evans Hankey və Tang Tan tərəfindən qurulub.
OpenAI, Sam Altman və Jony Ive-ın birlikdə apardığı 10 dəqiqəlik video-müsahibəni yayımlayıb. Onlar burada “cihazlar ailəsi” qurmaqdan danışırlar. Videoda detallı məlumat verilməsə də, layihənin miqyası böyük görünür.
Wall Street Journal-ın hesabatına görə, OpenAI-nin ilk cihazı “cib ölçülü, kontekstdən xəbərdar və ekransız cihaz” olacaq. Bu, nə ağıllı eynək, nə də geyilə bilən bir cihaz olacaq – tamamilə istifadəçinin ətraf mühitindən xəbərdar bir məhsul kimi hazırlanır. Mənbəyə əsasən, bu cihaz noutbuk və smartfonları tamamlayan üçüncü əsas cihaz olacaq.