- 173
Chrome zəif şifrələri avtomatik dəyişəcək!
Google Chrome istifadəçilərinin təhlükəsizliyini artırmaq üçün zəif və təhlükəli şifrələri avtomatik dəyişən yeni funksiya təqdim edib. Süni intellektlə gücləndirilmiş bu yenilik, istifadəçilərin ele keçirilmiş şifrələrini real vaxtda aşkarlayaraq avtomatik dəyişmə seçimini təqdim edir.
Google bu yeni xüsusiyyəti rəsmi olaraq Google I/O tədbirində təqdim edib. Yeni funksionallığa əsasən, əgər Chrome Şifrə Meneceri bir sayta giriş zamanı təhlükəli şifrə aşkarlayarsa, istifadəçiyə həmin şifrəni avtomatik olaraq dəyişdirmək imkanı verir. Bu zaman Chrome güclü bir şifrə yaradır və onu avtomatik tətbiq edir – istifadəçi adından.
Əvvəllər Chrome sadəcə olaraq zəif və ya istifadə olunmuş şifrə barədə xəbərdarlıq edirdi. İndi isə bu yeni funksiya ilə təhlükəsizlik prosesi tam avtomatlaşdırılıb. Chrome-un vitse-prezidenti Parisa Tabriz bildirib ki, “şifrənin zəif olduğunu bilsək də, onu əl ilə dəyişmək çox vaxt yorucu və narahatedici olur. Bu səbəbdən istifadəçilər çox vaxt dəyişiklik etmir. Biz bu avtomatik dəyişikliyi həm təhlükəsizlik, həm də rahatlıq baxımından böyük addım hesab edirik”.
Tabriz həmçinin qeyd edib ki, bu xüsusiyyət istifadəçinin razılığı olmadan şifrə dəyişməyəcək. İstifadəçi prosesi tam idarə edə biləcək.
Yeni funksiya bu ilin sonuna kimi istifadəyə veriləcək və təhlükəsizliyin artırılması üçün böyük bir addım kimi dəyərləndirilir.